“"2007-2015 Dövlət Proqramı" potensiallı gənclərin təhsillə bağlı hədəflərinin həyata keçirilməsi və ölkədə rəqabətli insan kapitalının formalaşdırılması üçün unikal rola malik olub.” – DP məzunu Hüseyn Hüseynov
H.Hüseynov "2007-2015 Dövlət Proqramı" çərçivəsində 2008-2010-cu illərdə Böyük Britaniyanın “University of Royal Holloway” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “İqtisadiyyat, maliyyə və sənaye iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, H.Hüseynov bakalavriat təhsilini Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika” ixtisası üzrə bitirib. 2016-cı ildə isə Bakı Dövlət Universitetinin “İqtisadiyyat üzrə Fəlsəfə doktorluğu” proqramını bitirərək iqtisadiyyat üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini alıb.
H.Hüseynov əmək fəaliyyətinə 2010-cu ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb. 2011-2017-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Hesablama Palatası və İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri və eyni zamanda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi olaraq fəaliyyət göstərir.
H.Hüseynov ölkəmizi BMT və digər beynəlxalq təşkilatların yükək səviyyəli tədbirlərində təmsil edir. Qeyd edək ki, Hüseyn müəllim hazırda Azərbaycanın BMT-də Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsü üzrə əlaqələndiricisidir.
Məlumat üçün bildiririk ki, H.Hüseynov 2010-cu ildən peşəkar əmək fəaliyyəti ilə bərabər Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC) İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə mühazirələr aparır.